İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin insan haqları təşkilatları Sincan bölgəsindəki uyğur müsəlmanlarının "yenidən təhsil" adı altında gizli düşərgələrdə saxlanıldığını açıqlayıb.
Bu barədə məlumat BMT İrqi Ayrı-seçkiliyi Aradan Qaldırma Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransında verilib.
Qeyd edilib ki, Çində müsəlmanlar heç bir məhkəmə qərarı olmadan evlərindən çıxarılaraq gizli düşərgələrə aparılır. Belə insanların sayının 3 milyona çatdığı vurğulanıb.
İnsan haqları təşkilatları hazırda uyğurlara yeni doğulan körpələrə müsəlman adları qoymağa icazə verilmədiyini söyləyiblər. Həmçinin, onlar oruc tutmayacaqlarına dair sənəd imzalamağa məcbur edilirlər.