IQNA

Quran surələri /26

"Şüəra" surəsində peyğəmbərlərin məntiqi

14:21 - August 19, 2022
Xəbər sayı: 3492751
İnsanları doğru yola yönəltmək üçün Allah tərəfindən bir çox peyğəmbərlər seçilmişdir. Lakin bu yolda çoxlu çətinliklər olmuşdur. O cümlədən günah və azğınlığa bulaşmış insanlar öz yolunu düzəltməyi asan qəbul etmirlər. Amma bu inadkarlıqlar peyğəmbərlərin məntiqində bir xələl yaratmadı.

Quranın iyirmi altıncı surəsi “Şüəra” adlanır. Məkkədə nazil olan surələrdən olan bu surə Peyğəmbərə (s) nazil olan qırx yeddinci surədir. 227 ayədən ibarət olan bu surə Quranın 19-cu cüzündə yer alıb.

Bu surənin Şüəra adlandırılması onun 224-cü ayəsindən 227-ci ayələrinə qədər şairlərdən danışılması ilə bağlıdır. Bu ayələrdə əbəs yerə şerlər deyən, məsuliyyətsiz və əməlsiz şairlərdən bəhs edilir. Digər tərəfdən də mömin və Allahı zikr edən şairləri mədh edir. Bu baxımdan, şeir cəmiyyətə məzmun vermək, istiqamət vermək və ondan iman yolunda istifadə etmək üçün bir vasitədir.

Əllamə Təbatəbainin baxımından surənin əsas məqsədi ümmətin əksəriyyətinin səmavi kitabı (Quran) inkar etməsi və Peyğəmbərə (s) dəlilik və qəmgin şair kimi böhtanlar atması qarşısında təsəlli verməkdir. Həmçinin, əvvəlki peyğəmbərlərin əhvalatlarını danışaraq, onlara düşmənlərinin sonunu xatırlatmaqla Peyğəmbəri (s) inkar edənlərə öz aqibətlərindən dərs almaları üçün xəbərdarlıq etmişdir.

“Şüəra” surəsi Nuhdan (ə) Məhəmmədə (s) qədər peyğəmbərlərin hərəkəti və onların düşmənlərinin axırının xatırladılmasından bəhs edir. Daha çox etiqad, tövhid, qiyamət, peyğəmbərlərin dəvəti və Quranın əhəmiyyətini vurğulayır. “Şüəra” surəsinin əsas məqsədi Peyğəmbərə (s) qövmünün inkar və böhtanlarına qarşı təsəlli verməkdir.

Bu surədə bəzi peyğəmbərlərin öz qövmləri ilə söhbətləri nəql olunmuşdur. O cümlədən İbrahimin (ə) Azər və qövmü ilə söhbəti, Nuhun (ə) öz qövmü ilə söhbəti, Hudun (ə) öz qövmü ilə söhbəti, Salehin (ə) Səmud qövmü ilə söhbəti, Lutun (ə) öz qövmü ilə söhbəti və Şueybin (ə) yoldaşları ilə söhbəti qeyd edilmişdir. Bu söhbətlərdə diqqət çəkən məqam ondan ibarətdir ki, insanlar öz peyğəmbərlərinin sözlərinə məhəl qoymurlar və onların hər biri bir növ ilahi əzaba düçar olurlar.

"Şüəra" surəsində qeyd olunan məfhumlara əsasən bu surəni üç hissəyə bölmək olar:

Birinci hissə Quranın əzəmətini ifadə edir və müşriklərin inadkarlıq və baxışlarına qarşı Peyğəmbərə təsəlli verir. Tövhidin əlamətlərinə işarə edir və Allahın sifətlərini vəsf edir.

İkinci hissədə peyğəmbərlərin tarixi və mübarizələrindən bəzi hissələr qeyd olunur. Peyğəmbərləri inkar edənlərin dəlillərinə və onun İslam Peyğəmbərini (s) inkar edənlərin dəlilləri ilə oxşarlığına və nəhayət, keçmiş peyğəmbərləri inkar edənlərin aqibətinə işarə edilir.

Üçüncü hissədə isə əvvəlki hissələrin nəticəsi alınır. İslama dəvət və möminlərlə rəftarın yolları haqqında Peyğəmbərə nəsihətlər verilir. Həmçinin Peyğəmbərə təsəlli və möminlərə müjdə verilir.

Oxşar xəbərlər
captcha